Martın 6 da Ankarada, Azərbaycan Kültür dərnəyində Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümü münasibəti ilə “Mütəşəkkür millət səni xatırlar...” adlı anım mərasimi keçirilib.
Əvvəlcə tədbirin təşkilatçıları, Rəsulzadənin ev-muzeyi ictimai qrupu, Rusiya azərbaycanlıları İttifaqı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Ankara Kültür dərnəyinin təmsilçiləri Öndərin Əsri məzarlığındakı qəbrini ziyarət edib, məzarı üzərinə gül çələngləri qoyublar.
Türkiyə ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi bu ziyarətdə 20 ci əsrdə Azərbaycan dövlətçiliyinin banisi Məmməd Əmin bəy ehtiramla anılıb, çıxışlarda onun Azərbaycan dövlətinin yaradılmasındakı müstəsna xidmətləri qeyd edilib.
Mərasim Ankara Kültür dərnəyində davam etdirilib. Tədbirin bu hissəsini giriş sözü ilə açan Kültür dərnəyinin baş katibi Tuncər Kırhan Azərbaycanın azadlıq mücadiləsində M.Ə.Rəsulzadənin rolundan bəhs edib.
Mərasimdə çıxış edən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidi M.Ə.Rəsulzadənin mübarizələrlə dolu həyatı və Cümhuriyyət quruculuğu məsələlərindən danışıb.
Tədbirdə çıxış edən əməkdar rəssam Rəis Rəsulzadə, Ankara kültür dərnəyinin sədri Cəmil Önal, Rusiya azərbaycanlıları ittifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov, professor Qulu Məhərrəmli, ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev, rəssam Rafael Gülməmmədov, Ankara kültür dərnəyi Qadınlar Şurasının sədri Nəzrin Önal və başqaları Məmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının taleyindəki rolu barədə danışıblar. Tədbir iştirakçıları RAİ rəhbəri Fizuli Məmmədovun Rəsulzadə Ev Muzeyi İctimai Qrupunun fəaliyyətinə yardımçı olduğunu xüsusi vurğulayıb, ona minnətdarlıqlarını bildiriblər.
Tədbirdə “Rəsulzadə Ev-muzeyinin” hazırladığı “Azərbaycan davası” adlı sənədli film nümayiş etdirilib.
M. Ə. Rəsulzadənin vəfatının ildönümü ilə bağlı Rusiya azərbaycanlıları İttifaqının rəhbəri Fizuli Məmmədovun tərəfindən mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.
RAİ nin mətbuat xidməti