Moskvada təsis edilmiş «Optimal Qida Məktəbi» layihəsinin rəhbəri Elyura Məmmədovanın təşəbbüsu ilə «Azərbaycanca çay dəstgahı» gecəsi keçrilib. Respublika Gününün 101 ci ildönümünə həsr edilmiş tədbir Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi ilə baş tutub.
Gecənin qonaqları arasında Moskvanın müxtəlif qadın klublarının, sağlamlıq mərkəzlərinin üzvləri, Rusiya paytaxtının ictimai həyatının fəalları olub.
Elyura Məmmədova müəllifi olduğu «Optimal qida Məktəbi» layihəsi çərçivəsində dünyanın müxtəlif xalqlarının mətbəxi ilə bağlı ustad sinifləri təşkil etməyi nəzərdə tutub. Bazar günləri Moskva vilayətinin istirahət güşələrinə səyahətlərin təşkili də layihənin tədbirlər planına daxildir. “İlk tədbirimizi Azərbaycanın Respublika Gününə həsr etməyimdən qürur duyuram», deyən təşkilatçı xanım humanitar layihəyə yardım etdiyinə görə Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqına minnətdarlığını bildirib.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun və Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri çıxışı zamanı tədbir iştirakçılarına təmsil etdiyi təşkilatların rəhbəri Füzuli Məmmədovun salamlarını və təbrikini çatdırıb. O Azərbaycanın təkcə gözəl mətbəx, füsunkar təbiət, faydalı qazıntılarla bərabər və ilk növbədə ən vacib resurs sayılan – istedadlı insanları ilə tanındığını bildirib. «Azərbaycan həm də dünya şöhrətli Mstislav Rastropoviç, Qara Qarayev, Vladimir Menşov, Muslim Maqomayev və digər tanınmışların Vətənidir” deyən jurnalist, layihənin Azərbaycan mədəniyyəti və mətbəxi ilə tanışılıq missiyasına yüksək qiymət verib.
Qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından şəkərbura, paxlava, gül, heyva, ağ gilas mürəbbələri təqdim edilib, Azərbaycan çayının dəmlənməsi qaydaları haqda məlumat verilib.
Gecənin musiqili hissəsini Moskva məktəblisi Roksana Rəsulova təmin edib. Azyaşlı soydaşımız Müslim Maqomayevin repertuarından məşhur kompozisiyaları ifa edib.
Tədbirə dəvət edilmiş qonaqlar Azərbaycana olan sevgilərini qeyd edib, imkan olduğu təqdirdə bir daha səfər edəcəklərini bildirblər. Qonaqlar arasında əslən Bakıdan olan ruslar da olub ki, onlar öz soydaşlarına Azərbaycan haqda dolğun məlumat verib.